BAKI, 10 dekabr. TELEQRAF
“Qarşıdan gələn parlament seçkiləri çox vacibdir, çünki mənim fikrimcə, bu, ölkəmiz, eləcə də bölgəmiz üçün tamamilə yeni bir mərhələyə keçmək baxımından tarixi bir imkandır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Hazırda (Ermənistan və Azərbaycan arasında) davamlı sülhü təmin etmək üçün misilsiz bir imkana malikik. Üstəlik, bu, region ölkələrinin dövlətçiliyi, müstəqilliyi və suverenliyini qorumaq və möhkəmləndirmək üçün çox vacibdir. İnsanlar soruşanda ki, nə üçün bu razılaşma indi mümkün oldu, bir neçə il əvvəl yox, bunun çoxlu səbəbləri var, amma məncə, bu razılaşmaya təsir edən ən mühüm amillərdən biri region ölkələri tərəfindən ümumi maraqların qarşılıqlı şəkildə anlaşılmasıdır.
Bildiyiniz kimi, Ermənistan, Gürcüstan və Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər olublar, bu, müəyyən mənada tamamilə yeni bir vəziyyət idi, amma baş verənlərin mahiyyəti baxımından o qədər də yeni bir anlayış deyildi.
İndi isə düşünürəm ki, bu sülh və razılaşma prosesinin ən mühüm amili regionumuzla bağlı yeni anlayış, yeni baxış bucağıdır. Bu yeni yanaşma həqiqətən də misilsiz bir vəziyyət yaradıb və biz bunun üzərində dayanaraq ölkələrimizi daha müstəqil, daha suveren və daha təhlükəsiz edə bilərik”, - baş nazir deyib.
Paşinyan qeyd edib ki, bu, Ermənistan və Azərbaycanın birgə uğurudur.