BAKI, 3 dekabr. TELEQRAF

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hazırkı hakimiyyətin kimyəvi silah istifadə etməsi barədə məlumatı araşdırmaq üçün Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) müraciət edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.

“Bu gün Gürcüstanın de-fakto hökuməti tərəfindən Gürcüstan vətəndaşlarına qarşı qadağan olunmuş kimyəvi maddənin tətbiq olunması faktını araşdırmaq üçün Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsinə müraciət etdim”, - o bildirib.

BBC-nin dekabrın 1-də yaydığı materialda deyilir ki, Gürcüstan hakimiyyəti 2024-cü ildə etirazçılara qarşı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silahdan istifadə edib. Söhbət Fransa hərbçilərinin almanlara qarşı istifadə etdiyi “kamit” maddəsindən gedir. Bu maddə 1930-cu illərdə dövriyyədən çıxarılıb. BBC bu iddiasını Tbilisidə keçirilən etiraz aksiyalarının iştirakçılarının şərhlərinə əsaslandırıb.

Gürcüstan hakimiyyəti korporasiyanı yalan məlumat yaymaqda ittiham edərək bəyan edib ki, onun əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldıracaq.