BAKI, 27 noyabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) Transxəzər marşrutuna həmişə bir xətt deyil, şəbəkə kimi baxıb”.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan KİV-ə müsahibəsində Avropa Komissiyasının komissarı Jozef Sikela deyib.

“Avropa İttifaqı Transxəzər marşrutuna həmişə bir xətt deyil, şəbəkə kimi baxıb. Bu kontekstdə Zəngəzur dəhlizi şəffaf və əməkdaşlıq ruhunda inkişaf edərsə, mövcud əlaqələri tamamlaya bilər. Onun potensialı əlavə tranzit variantının təklif edilməsində, mövcud marşrutlarda tıxacın azaldılması və regional ticarətin ümumi dayanıqlığının artırılmasındadır. Mərkəzi Asiya üçün daha çox marşrut seçimi daha böyük sabitlik və qlobal bazarlara daha rəqabətli çıxış deməkdir”, - o qeyd edib.

Jozef Sikelaya Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündən sonra Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsi ilə bağlı sual da ünvanlanıb. Digər Cənubi Qafqaz ölkələrinin də bu formata cəlb edə biləcəyi ilə bağlı ehtimalların olduğu diqqətə çatdırılıb.

Avropa Komissiyası komissarının suala cavabı belə olub:

“Mərkəzi Asiya və Cənubi Qafqaz arasında daha sıx koordinasiya strateji əhəmiyyət kəsb edir və Avropa İttifaqının yeni Qara Dəniz Strategiyasının gündəliyinə tam uyğundur. Prosedur, standart və rəqəmsal sistemlərin daha yaxşı uyğunlaşdırılması Transxəzər marşrutunu biznes üçün daha sürətli və proqnozlaşdırıla bilən hala gətirərdi. Bu, həmçinin logistika, liman infrastrukturu, ticarətin asanlaşdırılması və yaşıl nəqliyyatda birgə layihələr üçün yeni imkanlar yaradacaq.

Avropa üçün bu, daha etibarlı və çoxşaxəli Şərq-Qərb əlaqələri, region üçün daha güclü iqtisadi əlaqələr və daha böyük sabitlik deməkdir”.