BAKI, 22 noyabr. TELEQRAF
“İşğal olunmuş Gürcüstanda insanların Ukraynaya qarşı və Rusiyanın xeyrinə olan bir şey eşidəndə sevinmələri utancvericidir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın müxalif Milli Hərəkat Partiyasının üzvü İrakli Favelnişvili deyib.
“İşğal olunmuş Gürcüstanda insanların Ukraynaya qarşı və Rusiyanın xeyrinə olan bir şey eşidəndə sevinmələri utancvericidir. Bu mənim üçün qırmızı xətdir. Heç vaxt özümü elə bir vəziyyətdə təsəvvür etmirəm ki, öz ölkəmin düşməni, onun ərazisini işğal edən birinin xeyrinə olan bir məlumata görə sevinim, yaxud azadlıq uğrunda mübarizə aparan bir xalq üçün pis bir məlumatdan məmnun olum. Bu, bu ölkənin ən böyük bəlasıdır.
Xatırladaq ki, bundan öncə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair “sülh planı” açıqlanıb. ABŞ tərəfindən hazırlanmış 28 maddəli plan Ukraynanın ərazi güzəştləri ilə razılaşması, hərbi imkanlarını məhdudlaşdırması və NATO-ya üzvlük səylərindən imtina etməsini nəzərdə tutur. Sənəd Rusiyanı qane etməyə biləcək bəzi maddələri də ehtiva edir, məsələn, ondan işğal olunmuş ərazilərin bir qismini tərk etməsi tələb olunur.