BAKI, 20 noyabr. TELEQRAF

Ermənistan İqtisadiyyat Nazirliyi Qazaxıstan və Rusiyadan Ermənistana dəmir yolu marşrutu ilə buğda tədarükünün effektivliyinə (çatdırılma müddətinin azaldılması və nəqliyyat xərclərinin optimallaşdırılmasına) dair ətraflı məlumata malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” quruma istinadla bildirib.

Agentlik nazirlikdən soruşub ki, yeni marşrutun mövcud yollarla (məsələn, Lars vasitəsilə və ya Qara dəniz yolu ilə) müqayisədə iqtisadi səmərəliliyi əvvəlcədən qiymətləndirilibmi?

Nazirlik cavab olaraq bəyan edib ki, Rusiya və Qazaxıstandan buğda tədarükünü “Baqramyan” MMC adlı özəl şirkət həyata keçirib: “Buna görə də yüklərin çatdırılma müddətinin azaldılması, nəqliyyat xərcləri və dəmir yolu tarifləri barədə məlumat almaq üçün birbaşa həmin şirkətə müraciət edilməsi tövsiyə olunur”.

Həmçinin, nazirlik qeyd edib: “(Azərbaycanla) Nəqliyyat yollarının açılması nəticəsində malların idxalı üçün daha bir alternativ marşrutdan istifadə imkanı yaranıb ki, bu da artıq özlüyündə ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətli faktordur. Mövcud dəmir yolu infrastrukturu digər məhsul növlərinin idxalı və ixracı üçün də istifadə oluna bilər”.

“Sputnik Ermənistan” onu da soruşub ki, Ermənistan bu marşrut boyunca tranzit həcmlərini artırmaq və daşımaların maya dəyərini azaltmaq məqsədilə logistika mərkəzləri və ya anbar terminallarının yaradılmasını nəzərdən keçirirmi?

Ermənistan İqtisadiyyat Nazirliyi cavab olaraq bildirib ki, hazırda bu məsələ müzakirə olunmur.

Xatırladaq ki, Rusiya buğdasının partiyası noyabrın 5-də, Qazaxıstan buğdası isə noyabrın 8-də Azərbaycan vasitəsilə Ermənistana çatdırılıb. Bunlar son 35 ildə Rusiyadan Azərbaycan ərazisindən keçməklə Gürcüstana və ordan Ermənistana reallaşan ilk birbaşa dəmir yolu daşımaları olub (Qazaxıstan buğdası da Rusiya ərazisindən keçib).