BAKI, 18 noyabr. TELEQRAF
Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana taxıl idxalını biznesmen Samvel Aleksanyanın şirkəti həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, taxıl idxalından sonra Ermənistan Baş naziri Nikol Paşinyan bunun bir özəl şirkətin təşəbbüsü olduğunu və hökumətin yalnız danışıqlar yolu ilə sərhədin açılmasını təmin etdiyini bildirib: “Artıq məlumdur ki, taxılı Aleksanyana məxsus “Baqramyan”ın zavodu sifariş edib”.
Qeyd olunub ki, “Sputnik Ermənistan” bir neçə dəfə şirkətin direktoru Vladimir Qasparyanla əlaqə saxlamağa cəhd edib. Qasparyan zəngə bir dəfə cavab versə də, dərhal telefonu qapadıb.
Mənbə Qazaxıstandan alınan taxılın keyfiyyətsiz olduğunu iddia etsə də, Ermənistan İqtisadiyyat Nazirliyi bunu təkzib edib.
Xatırladaq ki, Rusiya buğdası Azərbaycan vasitəsilə noyabrın 5-də, Qazaxıstan buğdası isə noyabrın 8-də Ermənistana çatdırılıb. Bunlar son 35 ildə Azərbaycan və Ermənistan arasında ilk birbaşa dəmir yolu daşımaları olub.