BAKI, 14 noyabr. TELEQRAF

Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.

Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

*****

16:03

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı sosial media hesabında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Xalqımıza göstərilən dəstək və həmrəyliyə görə təşəkkür etdim. Bu gecə ruslar ukraynalılara qarşı yüzlərlə dron, raket, o cümlədən ballistik raket tətbiq ediblər. Təəssüf ki, dağıntı və zərər var, Azərbaycan səfirliyi də zərər görüb. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, Rusiyanın səfirliyin binası və Azərbaycanla bağlı digər obyektləri hədəfə alması ilk dəfə deyil.

Həmçinin ikitərəfli münasibətlər və tərəfdaşlığımızın inkişafı barədə danışdıq. İkitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə “yaşıl işıq” var. Yaxşı potensial mövcuddur və onu reallaşdıracağıq”, - V.Zelenski vurğulayıb.