BAKI, 12 noyabr. TELEQRAF
Ermənistan İstintaq Komitəsi Eçmiədzin Ana Taxtı (kafedral) və Araqatsotn yeparxiyasından 8-dən çox din xadimini çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Ara Zohrabyan məlumat verib.
Vəkil bildirib ki, onlar keşiş Natanın yayılan səs yazısı bağlı cinayət işi çərçivəsində Cinayət Axtarış İdarəsinə çağırılıblar.
“Hazırda onların şahid statusu var”, - Zohrabyan bildirib.
Vəkil qeyd edib ki, İstintaq Komitəsinə təkcə keşişlər deyil, yüksək rütbəli din xadimləri də çağırılıb. Onun sözlərinə görə, din xadimləri bu gün və sabah İstintaq Komitəsinin qarşısına çıxmalıdırlar.
“Joqovurd”a daxil olan məlumata görə, kilsə xadimlərinə qarşı İstintaq Komitəsi tərəfindən yeni cinayət işi başlanıb, bu məqsədlə bir neçə din adamı dindirilməyə çağırılıb.
Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovannisyan və katolikos II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səs yazısı yayılıb. Səs yazısından belə anlaşılır ki, katolikos II Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb və bir neçə yüksək vəzifəli din adamı həbs olunub.