BAKI, 14 oktyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan Şarm əl-Şeyxdə keçirilən sülh forumunda yalnız bir səbəblə iştirak edib, çünki onların arasında müharibə olub”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində Tbilisinin sammitə dəvət olunmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Şarm əl-Şeyxdə sülh sammiti keçirilib, orada bizim regionun nümayəndələri Ermənistan və Azərbaycan iştirak edirlər. Siz niyə dəvət olunmadınız” sualına İrakli Kobaxidze belə cavab verib:
“Ermənistan və Azərbaycan yalnız ona görə iştirak edib ki, aralarında müharibə olub. Biz də müharibə etsəydik, bizi də dəvət edərdilər, amma biz müharibə etmədik. Cavabı budur”.
Gürcüstan Baş naziri bundan əvvəl Qərb dövlətlərini Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Tbilisini bölgədə ikinci cəbhə açmağa məcbur etməyə çalışmaqda ittiham etmişdi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə ABŞ və Misirdən olan həmkarları Donald Tramp və Əbdülfəttah əs-Sisinin dəvəti ilə qatılıb. Beynəlxalq tədbir oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilib.