BAKI, 14 oktyabr. TELEQRAF

Moldovanın baş nazir postuna namizəd göstərilən iş adamı və investor Vasile Tofan təklifdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.

Moldova Prezident Administrasiyasının rəhbəri Adrian Beluçel bildirib ki, Nazirlər Kabinetinin rəhbərliyi üçün namizədlərdən biri peşəkar öhdəliklərini əsas gətirərək təklifi qəbul etməyib:

“O bizə dedi ki, peşəkar öhdəlikləri səbəbindən təklifi qəbul edə bilmir, daha çox deyə bilmərəm”.

Məlumata görə, Moldovanın baş nazir postuna bir neçə namizəd nəzərdən keçirilib. Onlar arasında hazırkı baş nazir Dorin Reçani, təhsil naziri Dan Perçuni və sabiq xarici işlər naziri Niku Popesku olub. Amma oktyabrın 13-də hazırkı baş nazir açıqlayıb ki, hökumətə rəhbərlik etməyəcək, siyasəti tərk edəcək və karyerasını özəl sektorda davam etdirəcək.

Qeyd edək ki, Moldovada parlament seçkiləri sentyabrın 28-də keçirilib. Seçkilərdə hakim partiya qalib gələrək parlamentdə çoxluq qazanıb.