BAKI, 10 oktyabr. TELEQRAF

“Gürcüstan bu gün də Avropa İttifaqı (Aİ) ilə danışıqlara hazır olduğunu bəyan edir və münasibətlərə yenidən başlamağa çağırır”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze “İmedi” telekanalının efirində Gürcüstan-Aİ münasibətlərinin gələcəyi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ən vacibi dostluğun və tərəfdaşlığın qarşılıqlı olmasıdır:

“Uzun müddətdir ultimatumlar eşidirik. Əvvəlcə ölkəni namizəd statusu ilə şantaj elədilər, təzyiq göstərdilər, bunu da inqilab təşkil etmək üçün istifadə edirdilər. Xalqa deyirdilər ki, gürcülər yaxşı insanlardır, amma hakimiyyət pisdir. Sonra danışıqların davam edib-etməməsi ilə manipulyasiya etdilər, indi isə viza liberallaşdırılması mövzusu gündəmdədir.

Gürcüstanın Aİ-yə inteqrasiya yolu Assosiasiya Sazişinə əsaslanır və hökumət bu sənəddə nəzərdə tutulan bütün islahatları və addımları ardıcıllıqla həyata keçirir.

Baxın, obyektiv qiymətləndirmələrə əsasən, Gürcüstan bu gün namizəd statusu almış və ya danışıqlara başlayan ölkələrin hamısından daha yüksək səviyyədədir. Amma siyasi narrativ işə qarışan kimi dərhal yalan və böhtan başlayır. Sadəcə, bəzi dairələr narazıdırlar, çünki gürcü xalqı parlament və indi də bələdiyyə seçkilərində ölkəyə qarşı yönəlmiş şər qüvvələrini məğlub edib.

Bu gün də deyirik ki, danışıqlara hazırıq, münasibətlərə yenidən və hər şeyə yeni səhifədən başlamağa hazırıq. Ən önəmlisi odur ki, dostluq və tərəfdaşlıq qarşılıqlı olmalıdır, yoxsa “Gürcüstan kiçik ölkədir, gəlin onu əzək”lə olmur. Gürcüstanın və gürcü xalqının maraqları hesabına başqalarının maraqları həyata keçirilə bilməz. Bu, belə olmayacaq”.