BAKI, 1 oktyabr. TELEQRAF

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti müxalif Milli Hərəkat Partiyasından olan Tbilisi Şəhər Şurasının üzvü Zviad Kupravanı saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Laşa Maqradze məlumat verib.

Kupravanın saxlanılması onun seçkilərin pozulması ilə bağlı yaydığı videomüraciətlə bağlıdır.

Qurumun bildirdiyinə görə, Kuprava Gürcüstan Cinayət Məcəlləsinin 317 və 353-cü maddələrində nəzərdə tutulan, hakimiyyətin devrilməsinə açıq çağırış və hakimiyyət nümayəndəsinə onun fəaliyyətinə xitam vermək məqsədi ilə müqavimət göstərən əməli törədib.

Zviad Kuprava videomüraciətində deyib: “4 oktyabrda səhərdən etibarən şəhərboyu hərəkətə keçirik və 500 “xüsusi əməliyyat nöqtəsi”ndən ən azı birini mütləq yaracağıq. Bundan sonra “domino effekti” prinsipi işləyəcək və İvanişvili devriləcək”.

Milli Hərəkat Partiyasının həbsdə olan lideri, keçmiş prezidenti Mixail Saakaşvili də vətəndaşlar və tərəfdarlarına müraciət edərək, onları həmin gün fəal olmağa, küçələrə çıxmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.