TBİLİSİ, 29 sentyabr. TELEQRAF
“Gürcüstanda nə inqilab, nə də dövlət çevrilişi olacaq. Əhaliyə zəmanət verirəm ki, ölkədə əmin-amanlıq hökm sürəcək”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri postuna namizəd Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə “Gürcü Arzusu” qalib gələcək, qalibiyyətini Tbilisi və bütün bələdiyyələrdə qeyd edəcək.
K.Kaladze qeyd edib ki, seçki günündə qanuna zidd hərəkətlərə cəhd olacağı halda qanun çərçivəsində sərt cavab veriləcək.
Qeyd edək ki, Gürcüstanda yerli seçkilərdə Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.
Müxalifət seçki gününə “dinc inqilab”a nail olmaq məqsədilə Tbilisidə mitinq təyin edib.