TBİLİSİ, 23 sentyabr. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvan şəhərinin meri Tiqran Avinyanla görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.
Görüşdə Gürcüstanla Ermənistan arasında mehriban qonşuluq münasibətləri və Tbilisi ilə İrəvan arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub.
İrəvan meri qeyd edib ki, Ermənistan tərəfi şəhər inkişafı və nəqliyyat siyasəti kimi sahələrdə Gürcüstanla təcrübə mübadiləsinə böyük önəm verir.
İ.Kobaxidze Gürcüstan tərəfinin Ermənistanla strateji tərəfdaşlığın gələcək inkişafına və sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinə hazırlığını təsdiqləyib.
Qeyd edək ki, T.Avinyan Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə də görüş keçirib. Tərəflər paytaxtlar arasında fəal əməkdaşlığı və birgə layihələrin reallaşdırılmasını müzakirə ediblər.