TBİLİSİ, 5 sentyabr. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili müxalif “Güclü Gürcüstan-Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatında bildirilib.
M.Kavelaşvili hər iki müxalifətçinin bundan sonra siyasi fəaliyyətlərini qanuna hörmət əsasında davam etdirəcəklərinə ümidvar olduğunu ifadə edib.
Qeyd edək ki, M.Xazaradze və B.Caparidze bu ilin iyunun 23-də 8 ay müddətinə həbs olunublar. Onlar Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham edilirdilər.
Hər iki siyasətçi komissiyanın iclasına qatılmaqdan imtina etmişdi.
Xatırladaq ki, bu il iyulun 4-də M.Kavelaşvili həbsdə olan müxalifətçilərin əfvi üçün şərt qoymuşdu. O bildirmişdi ki, siyasətçilər yerli seçkilərdə iştiraka hazırlıqlarını təsdiqləsələr, onlarla bağlı amnistiya aktını dərhal imzalayacaq.
“Güclü Gürcüstan-Lelo” partiyası oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə iştirak üçün artıq qeydiyyatdan keçib.