TBİLİSİ, 1 sentyabr. TELEQRAF

Gürcüstan Avropa Komissiyasının viza rejiminin liberallaşdırılması ilə bağlı tövsiyələrinin yerinə yetirilməsinə dair hesabatı müəyyən olunmuş müddət ərzində - avqustun 31-də təqdim edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, Avropa Komissiyası bu ilin iyulun 15-də Gürcüstana yerinə yetirilməsi tələb olunan 8 tövsiyə təqdim edib. Tövisiyələrdə “Xarici təsirin şəffaflığı haqqında” Qanun və “Ailə dəyərləri və yeniyetmələrin müdafiəsi” haqqında qanunvericilik paketinin ləğvi, LGBT üzvlərinin hüquqlarının tam müdafiəsi də tələb edilib.

Avropa İttifaqı (Aİ) Gürcüstana tövsiyələrin yerinə yetirilməsi üçün avqust ayının sonunadək vaxt vermişdi. Əks halda Aİ və Gürcüstan arasında 2017-ci ilin martından qüvvədə olan vizasız gediş-gəliş rejiminin dayandırılacağı bildirilib.