BAKI, 1 sentyabr. TELEQRAF
“Azərbaycanla sülh sazişi imzalanana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni türkoloq Andranik İspiryan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatını şərh edərkən deyib.
Ekspert xatırladıb ki, Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnun olduğunu və Türkiyənin regionda sülh və sabitliyə dəstək verdiyini bildirib:
“Ərdoğan əvvəllər də oxşar bəyanatlar verib. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanana qədər Türkiyə Ermənistanla münasibətlərində radikal addımlar atmayacaq. Ermənistan və Türkiyə liderləri ilə yanaşı, xarici işlər nazirləri arasında da telefon danışıqları var, amma proses bundan o yana keçmir.
Ankaranın özü də bəyan edib ki, münasibətlər sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq. Bu da birmənalı deyil, çünki Türkiyənin özünün də Ermənistandan tələbləri var. Bu tələblər müxtəlif formalarda səslənir. Həmçinin biz bilmirik ki, Türkiyə Azərbaycanla nizamlanmadan sonra Ermənistana nə təklif edəcək. Mənim fikrim belədir: sülh müqaviləsi imzalanır və sərhədlər açılır, münasibətlər normallaşır. Başqa sözlə, hər şeyin öz qiyməti var”.