BAKI, 22 avqust. TELEQRAF

“Bu layihə ilə bütün Cənubi Qafqazın gələcəyinə öz damğamızı vururuq. Dəhliz bütün dünya üçün qlobal ticarətin qızıl dövrünü açacaq”.

Teleqraf xəbər verir ki, bunu Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimindəki çıxışında Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

“Bu layihə bir daha Türkiyənin vasitəçilik baxışını və prezidentimizin rəhbərliyi altında regional sülhə verdiyi töhfəni nümayiş etdirir. Bu layihə ilə Türkiyə regional və qlobal aktorlarla əməkdaşlığı gücləndirəcək, eyni zamanda geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha nümayiş etdirəcək.

Bu gün Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə Zəngəzur dəhlizinin reallaşması istiqamətində ən konkret ilk addımlardan birini ataraq təkcə Türkiyənin deyil, bütün Cənubi Qafqazın və Avrasiyanın gələcəyinə damğa vururuq”, - nazir bildirib.

Uraloğlu xəttin Zəngəzur dəhlizinin əsas komponenti olacağını qeyd edib:

“Zəngəzur dəhlizi sayəsində Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolu açılacaq. Avrasiyanın tədarük xətlərini gücləndirəcək bu addım Türkiyəni təkcə tranzit ölkə deyil, həm də regional inkişafın və əməkdaşlığın mərkəzinə çevirəcək. Bu, Orta dəhlizin yükdaşıma qabiliyyətini də artıracaq. Bu layihə təkcə regional təhlükəsizlik deyil, həm dəmir yolu, həm də regional təhlükəsizlik infrastrukturudur. Türkiyə isə yalnız Şərqlə Qərb arasında körpü deyil, sabitlik oxuna çevrilir”.

Türkiyəli nazir Zəngəzur dəhlizinin ölkəsi, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri gücləndirəcəyini, regionda sülhə böyük töhfə verəcəyini vurğulayıb.