TBİLİSİ, 14 avqust. TELEQRAF

Gürcüstanda bu il oktyabr ayının 4-də keçiriləcək yerli seçkilərdə 14 partiya iştirak hüququ əldə edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, seçkilərə qatılmaq üçün ümumilikdə 17 partiyadan müraciət daxil olub. Onların üçü qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün qeydiyyata alınmayıb.

MSK-dan qeyd olunub ki, yerli seçkilərdə iştirak etmək istəyən siyasi partiyaların qeydiyyat prosesi başa çatıb. Növbəti mərhələ partiya, majoritar sistem üzrə və mer postuna namizədlərin siyahılarının sentyabrın 4-dən gec olmayaraq təqdim edilməsindən ibarət olacaq.

Xatırladaq ki, yerli seçkilərdə seçicilər Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.