BAKI, 12 avqust. TELEQRAF

“Ermənistanın sabiq prezidenti Robert Köçəryan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.

“Heç kim buna şübhə etməsin: Köçəryanın qrupu (“Ermənistan”) sülh müqaviləsinin əleyhinədir. Ermənistanı xarabalığa çevirən qrupa ölkəni periferik əyalətə çevirmək üçün müharibə lazım idi. Ermənistanı sıxışdırıb talayan qrupa onilliklərin talanını ört-basdır etmək üçün müharibə bahasına hakimiyyət dəyişikliyi lazım idi.

Sülh olacaq, dövlətdən oğurlananlar geri qaytarılacaq”, - Ermənistan rəsmisi bildirib.

Xatırladaq ki, R.Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku (parlamentdə də təmsil olunur - red.) bundan əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına etiraz edən bəyanat yayıb.

Rəsmi Bakı və İrəvan avqustun 11-də paraflanmış sazişin tam mətnini ictimaiyyətə təqdim edib.