BAKI, 12 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Nikol Paşinyan avqustun 8-də ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə Vaşinqtonda keçirilən görüşün nəticələri barədə ətraflı məlumat verib. O, bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanması və regional kommunikasiyaların açılmasına dair razılaşmaya diqqət çəkib.
Baş nazir vurğulayıb ki, yaradılmış sülh Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar açır.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı gündəliyi ilə bağlı məsələləri, həmçinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə toplantısının təşkilati məsələlərini də müzakirə ediblər.