BAKI, 9 avqust. TELEQRAF
“Bu layihə ilə Ermənistan Rusiya ilə bizim 30 ildir olmayan dəmir yolu əlaqəsi əldə edəcək”.
Teleqraf xəbər verir ki, avqustun 9-da Vaşinqtonda keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiya xətlərinin açılmasına dair imzalanmış sənədin Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişə biləcəyi sualına cavab verərkən belə deyib.
Baş nazir qeyd edib ki, “Tramp yolu” layihəsi bir-biri ilə problemi olan ölkələrə Ermənistan və Cənubi Qafqazda əməkdaşlıq etmək imkanı yaradacaq:
“Məsələn, bilirsinizmi, bu layihə Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişə bilər? Bu layihə ilə Ermənistan Rusiya ilə bizim 30 ildir olmayan dəmir yolu əlaqəsini əldə edir. Bu məntiqlə o dəmir yolu əlaqəsini həm Tramp vasitəsilə, həm də onsuz əldə edə bilərik. Çünki həmin dəmir yolu əlaqəsi Gürcüstan-Azərbaycan marşrutu ilə ola bilər. Onu da demirəm ki, başqa dəmir yolu əlaqəsi də ola bilər. Ermənistanın dəmir yolları Rusiyanın nəzarəti altındadır və ola bilsin ki, Rusiya İcevan-Hrazdan dəmir yolunun bərpasına, İcevan-Qazax dəmir yolunun bərpasına sərmayə qoymaqda maraqlı olacaq, təbii ki, burada Azərbaycanın da razılığı lazım olacaq”.
Baş nazir əlavə edib ki, aralarında problemi olan ölkələr Ermənistan və Cənubi Qafqazda əməkdaşlıq etmək üçün fürsəti əldə edirlər.