BAKI, 8 avqust. TELEQRAF

“Rusiya və İran ABŞ ilə Azərbaycan və Ermənistan arasında imzalanacaq sazişlərə qarşı çıxa bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq müxtəlif sənədlərə Moskva və Tehranın reaksiyası necə olacaq? Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilməyəcək. Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq bəyanat yayması ehtimalı azdır. Çünki Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Trampla sıx təmas içindədir və iki liderin yaxınlarda görüş ehtimalı var.

Belə vəziyyətdə Rusiyanın ABŞ-nin Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etməyəcək”, - ekspert vurğulayıb.

Elxan Şahinoğlu əlavə edib ki, buna baxmayaraq, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ ilə saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər:

“Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmayacaq, əksinə, İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır. Onun yaxın günlərdə İrəvana səfəri də planlaşdırılır. Tehran Vaşinqtonla dialoq imkanlarını da araşdırır. Bu səbəbdən İranın rəsmi qurumları ABŞ-nin Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaqlar. Buna baxmayaraq, həmişəki kimi İrandakı mühafizəkarlar sinələrini qabağa verəcəklər. Bu məqamda mühafizəkarların ilk dəfə Bakı ilə yanaşı, İrəvanı da hədəf seçəcəyini proqnozlaşdırmaq olar.

Mühafizəkarların Azərbaycanı hədəf almalarına öyrəşmişik. Vaşinqtondakı sənədlərə Paşinyan da imza atacaq, onun ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşacağı haqqında mülahizələr var. Yəni, ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsində Azərbaycanla yanaşı, Ermənistan da rol oynayacaq. Bu baxımdan, İranın mühafizəkar dairələrinin Paşinyana qarşı da təbliğat kampaniyasına başlaya biləcəyini söyləmək olar”.

Analitikin fikrincə, Vaşinqtondakı razılaşmalara Çinin də reaksiyasi maraqlı olacaq:

“Çinin Cənubi Qafqaz ölkələrinə yatırımları artır. Çin Cənubi Qafqazın hər 3 ölkəsi ilə müxtəlif ortaq layihələr reallaşdırır. Bundan başqa, Çinin Azərbaycan üzərindən yük daşımaları artıb. Əgər Paşinyan ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılaşarsa, Pekinin buna reaksiyası necə olacaq? Əlbəttə, Çin ona dəxli olmayan mövzuya qarışmamağa üstünlük verəcək. Ancaq məsələ budur ki, Çin gələcəkdə Zəngəzur dəhlizindən istifadə etməyi planlaşdırırdı. Əgər dəhlizin Ermənistan hissəsinə ABŞ şirkəti nəzarət edərsə, Pekin Vaşinqtonun simasında rəqibinin Çindən çıxan yüklərə nəzarət etməsinə razılaşarmı? Əslində, bunun da həll yolu var. Çin Zəngəzur dəhlizindən ehtiyat edərsə, yüklərini indiki kimi Bakı-Tbilisi-Qars dəmir yolu və ya tikintisi sürətlə davam edən İrandan keçəcək Araz dəhlizi ilə daşıya edə bilər”.