BAKI, 28 iyul. TELEQRAF

Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan həbsdə olan biznesmen və milyarder Samvel Karapetyanın yeni yaradılmış siyasi komandaya rəhbərlik etməsi barədə danışıb.

Teleqraf xəbər verir ki, o, iş adamını “xarici ölkənin agenti” (Rusiyanı nəzərdə tutur - red.) adlandırıb.

“Deməli, siyasi komandamızın rəhbəri Samvel Karapetyan olacaq. Komanda lideri olmaq üçün neçə ölkənin pasportu lazımdır? Bəs baş nazir Samvel Karapetyana işləyəcək kukla kim olacaq? Namizəd olmaq üçün neçə ölkənin agenti olmaq lazımdır? Özü kimi kukla teatrı...”, - Çaxoyan bildirib.

Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan bundan əvvvəl onun yeni yaradılmış siyasi qüvvəyə rəhbərlik edəcəyini açıqlayıb.

Narekin əmisinin adından yaydığı bəyanatda qeyd edilib: “Yeni siyasi qüvvəmiz, yeni yaradılmış komandamız ilk növbədə ən yaxşı milli keyfiyyətlərimizə, öz daxilində güclü milli iradə daşıyan insanlara və hər şeydən əvvəl gənclərə arxalanacaq. Tariximizin yeni, çoxdan gözlənilən və arzulanan səhifəsini öz yolumuzla açacağıq”.

Xatırladaq ki, erməni əsilli rusiyalı iş adamı S.Karapetyan iyunun 18-də “dövlət çevrilişinə açıq çağırış” ittihamı ilə həbs olunub.