TBİLİSİ, 17 iyul. TELEQRAF

Gürcüstanda həyata keçirilmiş kompleks operativ əməliyyat-istintaq tədbirləri nəticəsində “oğru aləmi” ilə əlaqəli 20 nəfər saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.

O, ikisi “qanuni oğru” olmaqla 4 nəfərə qiyabi ittihamın irəli sürüldüyünü qeyd edib.

Nazir müavininin szlərinə görə, aparılan istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin həllində iştirak etdikləri müəyyən olunub. Saxlanılanların Gürcüstan və Türkiyə ərazisində “oğru mübahisələr”i də təşkil etdiyi müəyyənləşdirilib.

Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində onların bir-biri ilə, kriminal avtoritetlər və xaricdə yaşayan “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar maddi sübut kimi götürülüb. Əməliyyat-istintaq tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələr və odlu silah-sursat da müsadirə edilib.

Törədilmiş cinayət əməllərinə görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.