TBİLİSİ, 17 iyul. TELEQRAF
Batumidə uranın alqı-satqısına görə Gürcüstan vətəndaşı ilə yanaşı saxlanılan əcnəbi Türkiyə vətəndaşıdır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun məlumatında bildirilib.
Qeyd olunub ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Əks-kəşfiyyat İdarəsi apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Gürcüstan vətəndaşı nüvə materialları kateqoriyasına aid və insan sağlamlığı üçün təhlükəli olan radioaktiv uran maddəsini qanunsuz olaraq əldə edərək saxlayıb. O, sözügedən nüvə materialını Türkiyə vətəndaşına 3 milyon ABŞ dollarına satmağa cəhd edib. DTX-nin əməkdaşları onların hər ikisini saxlayıb.
Saxlanılan şəxslərə radioaktiv maddələri əldə etmə, saxlama, istifadə etmə maddəsi ilə ittiham irəli sürülüb. Bu cinayət əməlinə görə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Baş Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
***
11:22
TBİLİSİ, 17 iyul. TELEQRAF
Gürcüstanın Batumi şəhərində uran radioaktiv kimyəvi elementinin qanunsuz alqı-satqısı və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.
Saxlanılan şəxslərin biri Gürcüstan, digəri isə xarici ölkə vətəndaşıdır. Onların sövdələşməsinə əsasən, uranın qanunsuz satışının 3 milyon ABŞ dollarına planlaşdırılıldığı müəyyən edilib.
DTX-dən transmilli cinayətkarlığın qarşısının alındığı bildirilib. Qeyd olunub ki, nüvə materialı radioaktiv alfa və qamma şüalarının doza tutumu və mənbənin xarakteri nəzərə alınmaqla komponent kimi müxtəlif partlayıcı qurğuların hazırlanması, terror aktının həyata keçirilməsi və ya digər ağır, kütləvi və ölümcül nəticələrə səbəb olması üçün faydalıdır.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.