TBİLİSİ, 9 iyul. TELEQRAF

Ötən gecə Gürcüstanda narkotik cinayətkarlığına qarşı növbəti əməliyyat keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 34 nəfər saxlanılıb.

Nazir qeyd edib ki, həmin şəxslər Gürcüstan və xarici ölkə vətəndaşlarıdır:

“Onların əksəriyyəti müxtəlif növ narkotik vasitələrin qanunsuz satışı, bəziləri külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanması ilə məşğul olub. Həmin şəxslərin bir neçəsi iri narkotik alverçiləridir”.

G.Geladze bildirib ki, narkotik vasitələrin satışının Gürcüstan üzrə müxtəlif gecə klubları və əyləncə məkanlarında həyata keçirildiyi ehtimal edilir.

Saxlanılan şəxsləri 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, iyunun 24-də qonşu ölkədə narkotik cinayətləri ilə məşğul olan 18 nəfər saxlanılıb.