TBİLİSİ, 8 iyul. TELEQRAF
Rusiyada məhkəmənin qərarı ilə Ukrayna tərəfdə döyüşən Gürcüstan vətəndaşı Gela Eradze qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən bildirilib.
Komitənin Baş İstintaq İdarəsi müəyyən edib ki, G.Eradze 2022-ci ilin əvvəlində könüllü olaraq Ukraynanın silahlı bölmələrinə muzdlu döyüşçü kimi qoşulub. Qeyd edilib ki, o, pul mükafatı müqabilində Donetsk və Luqansk “respublika”larının güc strukturları və Rusiya hərbçilərinə qarşı əməliyyatlarda iştirak edib.
İstintaqın vəsatəti ilə G.Eradze barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu ilin mayında Rusiya məhkəməsinin qərarı ilə Ukrayna uğrunda döyüşən 29 yaşlı Gürcüstan vətəndaşı Tornike Qoquadze də qiyabi olaraq 14 il müddətinə həbs olunub.