BAKI, 4 iyul. TELEQRAF
Ermənistan parlamentinin növbədənkənar iclasında iştirak edən ölkənin Baş prokuroru Anna Vardapetyan toxnulmazlığının ləğvi müzakirə olunan “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlı bir sıra faktları açıqlayıb.
Teleqraf xəbər verir ki, o, törətdiyi cinayət əməllərinə görə S.Ohanyana qarşı cinayət işinin başlanması barədə vəsatət qaldırıb.
Baş prokuror S.Ohanyanın müdafiə naziri olarkən Sevanda (Göyçə) 10526 kvadratmetr torpaq sahəsini zəbt edərək, qanunsuz tikinti işi apardığını bildirib.
A.Vardapetyan qeyd edib ki, istintaq zamanı S.Ohanyana qarşı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar əldə edilib.
Həmçinin Baş prokuror cinayət işi üzrə S.Ohanyanın şəxsi məqsədləri üçün Ermənistan Müdafiə Nazirliyinin büdcəsinə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Seyran Ohanyan cinayət yolu ilə əldə edilən xüsusilə külli miqdarda dövlət vəsaiti və əmlakını leqallaşdırıb.
Vəkilləri barəsində cinayət işi açılan sabiq müdafiə nazirinin deputat toxunulmazlığı ləğv ediləcəyi təqdirdə həbs olunmasını istisna etmirlər.
***
10:35
Müxalifət fraksiyaları Ermənistan parlamentinin növbədənkənar iclasını boykot edib.
Teleqraf xəbər verir ki, iclasda “Ermənistan” fraksiyasının deputatları Artur Sərkisyan, Artsvik Minasyan və fraksiya sədri Seyran Ohanyanın toxunulmazlığından məhrum edilməsi məsələsi müzakirə olunur.
“Şərəfim var” fraksiyası da “Ermənistan”ın boykot qərarına dəstək verib.
“Seyran Ohanyan ətrafında yaranmış vəziyyəti, eləcə də həmkarlarımızın təqdim etdiyi yanaşmaları nəzərə alaraq, biz Seyran Ohanyan məsələsinin müzakirəsində iştirak etməyəcəyik”, - “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan bildirib.
Spiker Alen Simonyan salonu tərk edən müxalifət nümayəndələrinə deyib:
“Siz zalı tərk etməmişdən əvvəl bir şeyi deyim. Cənab Artsvik Minasyanın işi ilə cənab Ohanyanın işi demək olar ki, eynidir, siz cənab Minasyanla bağlı məsələnin müzakirəsini də qaçırırsınız”.