BAKI, 3 iyul. TELEQRAF

Ermənistan parlamenti ölkədə hakimiyyəti güc yolu ilə ələ keçirməyə cəhd və terrorçuluğa cəhdi pisləyən bəyanat qəbul edib.

Teleqraf xəbər verir ki, səsvermədə yalnız hakim “Vətəndaş Müqaviləsi” fraksiyası iştirak edib və bəyanatı 57 səslə qəbul edib.

Parlamentin hər iki müxalifət fraksiyası “Ermənistan” və “Şərəfim var” nə müzakirələrə, nə də səsverməyə qatılıb.

Hakim fraksiya müxalifəti terrorizmə dəstəkdə günahlandırıb.

“Ermənistan Respublikasının Milli Məclisi iyun ayında hüquq-mühafizə orqanları tərəfindən üstü açılmış Ermənistan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və qanuni hakimiyyətinə qarşı hazırlanmış terror aktını pisləyir. Terrorizm və zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdləri Ermənistan Respublikasının suverenliyinə və xalqına birbaşa zərbədir”, - bəyanatda deyilir.