TBİLİSİ, 20 iyun. TELEQRAF

Gürcüstanda seçkilərin saxtalaşdırılmasında ittiham olunan Rövşən və Etibar İsgəndərovların hər biri 1 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi məhkəməsi qərar qəbul edib.

Marneuli radiosunun məlumatına əsasən, İsgəndərovlar özlərini təqsirli bilməyiblər. Soydaşlarımızın işinə Gürcüstanın Cinayət Məcəlləsinin seçki sənədlərinin qəsdən saxtalaşdırlması maddəsi üzrə baxılırdı. Bu maddə üzrə maksimum cəzanın müddəti iki ilədək təşkil edir.

Qeyd edək ki, Rövşən və Etibar İsgəndərovlar əmi uşaqlarıdır. Onlar Gürcüstanda ötən ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərində Marneulinin Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində seçkilərin saxtalaşdırılması cəhdinə görə oktyabrın 31-də saxlanılıblar. Marneuli məhkəməsi noyabrın 1-də İsgəndərovlar barəsində həbs qətimkan tədbiri seçmişdi.

Rövşən İskəndərov Marneuli Bələdiyyə Məclisi şəhər şurasının sədr müavini olub, həbsindən sonra səlahiyyətlərinə xitam verilib.