TBİLİSİ, 22 may. TELEQRAF

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Halların İdarə Olunması Xidməti Kaxeti bölgəsinin Dedoplistskaro bələdiyyəsində mülki təhlükəsizlik üzrə çoxkomponentli yanğın və xilasetmə təlimi keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Tədbir “Gürcüstanda və Azərbaycanda transsərhəd riskin qiymətləndirilməsi və fəaliyyət planının hazırlanması - SAILOR” birgə layihəsi çərçivəsində baş tutub.

Təlimdə daxili işlər nazirinin müavini İoseb Çelidze, Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Temur Mqebrişvili, Kaxeti bölgəsi üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili, yerli hakimiyyət orqanlarının nümayəndələri və azərbaycanlı ekspertlər iştirak ediblər.

Öncədən hazırlanmış ssenariyə əsasən, Kaxeti bölgəsində, xüsusən də Vaşlovani Dövlət Qoruğunda meşə yanğını müşahidə olunub. Yüksək temperatur və güclü külək nəticəsində yanğın Azərbaycanla sərhədə qədər yayılıb. Vəziyyətin effektiv idarə ediıməsi üçün qərargah yaradılıb, böhranı idarəetmə planı hazırlanıb. Qurumların əlaqələndirilmiş işi nəticəsində ən qısa müddətdə əhali məlumatlandırılıb və bütün müvafiq təxliyə tədbirləri həyata keçirilib. Təlimlərə Sərhəd Polisinin helikopteri də cəlb olunub. Təlimin tərkib hissələrindən biri kimyəvi, bioloji, radiasiya və nüvə məsələləri olub.

Tədbirdə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin, Daxili İşlər Nazirliyinin bölmələrinin, Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin əməkdaşlarının, Gürcüstan Qızıl Xaç Cəmiyyətinin nümayəndələrinin 200-dən çox yanğınsöndürmə heyəti iştirak edib. Təlimə yerli məktəblilər də qatılıb.

Təlimin məqsədi fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycan arasında əlaqələndirilmiş fəaliyyətin təkmilləşdirilməsi, mövcud həyəcan siqnalı sisteminin sınaqdan keçirilməsi və əhali arasında maarifləndirmə işinin aparılması olub.