BAKI, 21 may. TELEQRAF

"Rusiya Qarabağın Azərbaycana məxsus olduğunu ən yüksək səviyyədə bəyan edib".

Teleqraf xəbər verir ki, bunu İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan Lavrovun Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə cavab olaraq qeyd edib:

“Rusiya Federasiyası Qarabağın Azərbaycana məxsus olduğunu ən yüksək səviyyədə bəyan edib, Ermənistan Respublikası bu yanaşma ilə mübahisə etmir. Bir daha bəyan edirəm: Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına toxunan Sergey Lavrov isə bildirib ki, Ermənistan Qarabağ ətrafındakı 7 rayonun ələ keçirilməsi zamanı Rusiya silahlarından istifadə edib:

“Ermənistan demək olar ki, bütün müstəqilliyi boyu Rusiya silahlarından istifadə edib, o cümlədən heç vaxt rəsmi olaraq iddia etmədiyi yeddi Azərbaycan rayonunu işğal edərkən”.

Rusiyalı nazirin sözlərinə görə, Ermənistanın əvvəlki liderlərindən heç biri Qarabağın “müstəqil qurum” kimi tanınmasını təklif etməyib:

“Həmçinin işğal edilən ərazilərdə bu əraziləri uzun müddət saxlamaq üçün nəzərdə tutulmuş istehkamlar tikilib. Bəzi analitiklər hesab edirdilər ki, bu istehkamların xarakteri bu torpaqları ümumiyyətlə Azərbaycana qaytarmamaq niyyətindən xəbər verirdi”.