BAKI, 21 may. TELEQRAF

Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Lavrovun sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə səmimi şəkildə çalışır, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksini bunun üçün möhkəm əsas hesab edir.

“Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz - istər kommunikasiyaların açılması məsələsində, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində”, - nazir vurğulayıb.

Həmçinin Lavrov əlavə edib ki, Moskva Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən 3+3 platformasında regional əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial görür.