TBİLİSİ, 20 may. TELEQRAF
Gürcüstanın Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi işi üzrə hökmü qüvvədə saxlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili Beka Basilaya bildirib.
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi qərarı mayın 16-da çıxarıb.
Vəkil qərarın şifahi dinləmə olmadan və çox qısa müddət ərzində qəbuluna etirazını bildirib.
Qeyd edək ki, bu ilin martın 17-də Tbilisi şəhər məhkəməsi M.Saakaşvilini sərhədi qanunsuz keçmə ittihamına görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin martın 12-də açıqladığı qərarla isə eks-prezident 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə 9 il müddətinə həbs olunub.
Xatırladaq ki, M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana dönüb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb.