TBİLİSİ, 13 may. TELEQRAF
Gürcüstan parlamenti ABŞ Nümayəndələr Palatasının dəstəklədiyi “Meqobari Aktı” adlı qanun layihəsinə cavab olaraq xüsusi bəyanat qəbul edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bəyanat layihəsi artıq qanunverici orqanda müzakirəyə çıxarılıb.
Bəyanatın təşəbbüskarları parlamentin sədri, “Gürcü Arzusu” fraksiyasının rəhbərləri və parlamentdə təmsil olunan siyasi qruplardır.
Bəyanatın layihəsi baxılması üçün Xarici əlaqələr komitəsinə göndərilib, müzakirəsi sabah keçiriləcək plenar iclada aparılacaq.
Qeyd edək ki, “Meqobari Aktı” ABŞ Konqresinin Nümayəndələr Palatasında mayın 6-da 349 səslə dəstəklənib. Qanun layihəsi Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur. Sənəddə, həmçinin yardım proqramları da daxil olmaqla ABŞ-Gürcüstan münasibətlərinin yenidən dəyərləndirilməsi, gürcü xalqının avroatlantik inteqrasiyasına dəstəyin tanınması, gürcü xalqı ilə əlaqələri və müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək, Gürcüstanın ərazi bütövlüyü və suvenerliyinə dəstəyin təsdiqlənməsi, vətəndaş cəmiyyətinin dəstəklənməsi müddəaları da yer alıb.