TBİLİSİ, 6 may. TELEQRAF
Ötən ay Gürcüstandan 96 nəfər xarici ölkə vətəndaşı qovulub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.
Həmin şəxslər Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Slovakiya və Qazaxıstan vətəndaşlarıdır.
Əcnəbilərin bir qismi Gürcüstanı könüllü tərk edib, digər qismi isə ölkədən məcburi çıxarılıb. Onların ölkəyə girişi qanunvericiliyə uyğun qadağan edilib.
Qeyd edək ki, Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri qanuni əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının müəyyən edilərək ölkədən çıxarılmasıdır.