BAKI, 30 aprel. TELEQRAF

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Rusiyanın Cənubi Qafqaza təsirini minimuma endirəcək.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Donald Trampın birinci prezidentliyi dövründə onun milli təhlükəsizlik müşaviri olmuş Con Boltonun keçmiş liderinin Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığı barədə söylədikləri diqqəti çəkib. Boltonun fikrincə, Putin Trampın ona dəstək verəcəyinə əmindir, o, bu yolla Rusiya İmperiyasını bərpa etməyə çalışır. Sabiq müşavir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında (Ukrayna) üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək.

Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu söyləyib. Çünki Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edir. Bolton bu sırada Cənubi Qafqazın, o cümlədən Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistanı təsir dairəsində saxlamaq istəyir”, - analitik qeyd edib.

Elxan Şahinoğlunun fikrincə, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər:

“Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq olsa da, Tbilisi Cənubi Osetiya və Abxaziyaya görə Kremllə diplomatik münasibətləri bərpa etmək istəmir. Ancaq Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesaj göndərməkdə davam edirlər.

Ermənistan Rusiyaya iqtisadi zəmində bağlı olsa da, Baş nazir Nikol Paşinyan hərbi və təhlükəsizlik sahələrində fərqli siyasətə üstünlük verir. Ancaq Paşinyanın ölkə daxilində mövqeləri getdikcə zəifləyir, əgər Kreml Ermənistanda növbəti parlament seçkisində erməni tərəfdarlarından birini hakimiyyətə gətirə bilərsə, Moskvanın İrəvanı yenidən forpostu halına gətirməsinə heç nə mane olmayacaq.

Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməlidir. Digər yandan, Paşinyan konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiyanın Cənubi Qafqaza təsirini minimuna endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu doğrulmayacaq”.