BAKI, 20 aprel. TELEQRAF

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 20-də İrəvanda səfərdə olan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər İrəvanla ATƏT arasında əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

“Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirdiyi yanaşmaya toxunub, həmçinin Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı irəli sürdüyü konstruktiv təklifləri təqdim edib”, - XİN-dən bildirilib.

Ermənistan və Azərbaycan arasında sülh prosesindən danışan A.Mirzoyan sazişin imzalanmasının vacibliyini vurğulayıb, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sənədin mətninin razılaşdırıldığını diqqətə çatdırıb.

Məlumata görə, nazir və baş katib Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.

Daha sonra ATƏT-in baş katibi Feridun Sinirlioğlu Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.