
BAKI, 14 aprel. TELEQRAF
Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiya yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi Birliyi (AİB) ilə mövcud iqtisadi əlaqələrinə yenidən baxılmasına gətirib çıxaracaq. Yəqin ki, bu, Ermənistan əhalisi üçün də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Söhbət Rusiya və ya başqasının çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı istisna etmək və ya ona zərər verməməkdən getmir. Ötən il ticarət dövriyyəmiz təqribən 12 milyard dollar təşkil edərək əhəmiyyətli artım nümayiş etdirib. Bizim heç bir şəkildə Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz.
Məsələ budur ki, obyektiv olaraq Aİ və AİB-ə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqlar müxtəlif gömrük və tarif tənzimləmələrinə malikdir. Mahiyyətcə fərqli iqtisadi bloklardır. Müvafiq olaraq, erməni tərəfdaşlarımız müəyyən məqamda hansı istiqamətə getdiklərinə qərar verməli olacaqlar: Avropa İttifaqına inteqrasiya və ya AİB vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsi”, - rusiyalı diplomat qeyd edib.
Qaluzin əlavə edib ki, Aİ-yə inteqrasiya qərarının nəticəsi əhalisi də daxil olmaqla, Ermənistan üçün kifayət qədər ağrılı olacaq: “Ölkə rəhbərliyi AİB-dən çıxmaqla nələri itirəcəyini və Avropa İttifaqına daxil olmaqla əslində nə qazanacağını öz əhalisinə izah edəcək”.
Diplomat vurğulayıb ki, Ermənistanı Aİ-yə inteqrasiya yoluna çəkmək onun Rusiya ilə münasibətlərinə zərbə vurmaq cəhdidir:
“Ümid edirəm ki, rəsmi İrəvan bu vəziyyəti görür və ona uyğun qiymət verir”.