BAKI, 9 aprel. TELEQRAF
Moskva Bakı və İrəvanı təmkin nümayiş etdirməyə və ölkələr arasında sərhəddə gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyəti izləyir.
“Bakı və İrəvanı təmkinli olmağa, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək çağırışımızı təkrar edirik”, - Zaxarova bildirib.
Rusiya rəsmisi qeyd edib ki, bütün məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həll edilməlidir:
“Biz öz tərəfimizdən sülh müqaviləsinin imzalanması üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında, habelə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlərə uyğun olaraq nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, sərhədin delimitasiyasında tərəfdaşlarımıza kömək etməyə hazırıq”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi dünən axşam saatlarında Ermənistan ordusu tərəfindən sərhəd bölgəsindəki mövqelərimizin atəşə tutulması barədə məlumat yayıb.