BAKI, 7 mart. TELEQRAF

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin son həftələrdə ölkənin üç sabiq prezidenti – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanla, eləcə də digər siyasi dairələrlə görüşlər keçirib, yerli mediaya müsahibələr verib. Rusiya dairələrindəki mənbələr bildirir ki, Moskva Ermənistanda geosiyasi proseslərlə bağlı yenidən aktivləşmə kursu aparır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.

Mənbə qeyd edir ki, Rusiya Ermənistandakı nüfuz dairəsini yenidən bərpa etmək qərarına gəlib:

“Əgər İrəvan yenə də Şimalla Qərb arasında oyun oynamağa davam edəcəksə, Moskvadan Ermənistanda hakimiyyət dəyişikliyinə dəstək veriləcəyi istisna olunmur”.

“Hraparak” iddia edir ki, 2013-cü ildə yaradılan rusiyayönlü “Ermənistan Sosialist Hərəkatı” partiyasının lideri Robert Aharonyan mümkün proseslərdə önə çıxa bilər:

“Yeri gəlmişkən, fevralın 13-də Belarus Prezidenti Lukaşenko rusyönlü hərəkatı başlatdığına görə ona təşəkkür edib.

Bəziləri Köçəryan və Sərkisyanın komandaları arasında baş verən söz atışmalarını da Rusiya faktoru ilə izah edirlər. Moskvanın kimə üstünlük verəcəyi hələlik bəlli deyil”.