
BAKI, 26 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla müharibə istəmir. Ancaq Tramp Tehranın ABŞ və İsrailin tələblərini yerinə yetirməsini tələb edir. Tehran nüvə çalışmalarından imtina etməlidir. İran ultimativ tonda Vaşinqtonla müzakirələr aparmayacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ-dən fərqli olaraq, İsrail İranın strateji hərbi mərkəzlərinə raket zərbələrinin endirilməsinin tərəfdarıdır:
“İsrail ötən ilin oktyabrında İrana raket zərbələri endirməklə, onun hava müdafiə sistemlərinı sıradan çıxarıb. İsrail hökuməti hesab edir ki, nə qədər İran silahlı qüvvələri hava müdafiə sistemlərini bərpa edə bilməyib, bu ölkənin hərbi mərkəzlərinə növbəti zərbələr endirilməlidir. İsrail hökuməti bu yolla İranın uranı zənginləşdirmək siyasətini əngəlləyəcəyini düşünür.
İranın Baş Qərargah rəisi general Məhəmməd Baqeri bildirib ki, İran istənilən hücumu dəf etməyə və düşmənin cavabını verməyə hazırdır. Baqerinin sözlərinə görə, İranın hava müdafiə sistemləri bərpa olunub. “Əgər İrana təhlükə yaranarsa, bu halda bölgədə vəziyyət gərginləşəcək, qeyri-sabitlik yaradanlar və onların müttəfiqləri təhlükə altında olacaqlar”, deyən iranlı general konkret ölkələrin adlarını çəkməsə də, ABŞ və İsrailin bölgədəki tərəfdaşlarını nəzərdə tutub.
Baqeri “bölgə ölkələri” dedikdə Səudiyyə Ərəbistanı və Azərbaycanı da nəzərdə tuta bilər. Səudiyyənin ABŞ, Azərbaycanın isə İsraillə tərəfdaşlıq münasibətləri var. Səudiyyə Ərəbistanı və Azərbaycan İrana qarşı raket zərbələrinin endirilməsinin tərəfdarı deyil, bölgədə gərginlik istəmirlər. Ancaq Baqerinin sözlərindən belə çıxır ki, ABŞ və ya İsrail İrana zərbə endirərsə, Tehran bu iki dövlətin bölgədəki tərəfdaşlarını da hədəfə alacaq. Halbuki mümkün toqquşmanın bölgə ölkələrinə aidiyyəti olmayacaq”.
Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, Azərbaycan müttəfiqləri ilə koordinasiyanı gücləndirməlidir:
“Təsadüfi deyil ki, prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədə rəsmi görüşlərə başlayarkən, xarici xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib. Səfər çərçivəsində Bayramov səudiyyəli həmkarı Feysəl bin Fərhan əl-Səud ilə görüşüb.
Rusiya-Ukrayna müharibəsi bitərsə və ya atəşkəs əldə olunarsa, Kremlin Cənubi Qafqaza diqqəti artacaq, həmçinin İsrail-İran gərginliyi də bölgə üçün təhlükələr yarada bilər. Gələcək təhlükələr barədə müttəfiqlər arasında fikir mübadiləsinin genişləndirilməsinə ehtiyac var”.