
BAKI, 25 fevral. TELEQRAF
Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın diplomatların ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə münasibət bildirməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Nəşr xatırladır ki, fevralın 11-də Akopyan sosial şəbəkədə erməni diplomatları “gəzən, danışan və nəfəs alıb-verən, beyinləri qarışıq, özgüvən, aydın fikir və baxışları olmayan obyektlər” adlandırıb.
Onun sözlərinə görə, erməni diplomatlar həmişə çaşqın vəziyyətdə olurlar, aydın fikir və baxışları olmur. Akopyan qeyd edib ki, İrəvan Dövlət Universiteti və ya Oksford Universitetində təhsil almış erməni diplomatlar arasında bu baxımdan heç bir fərq yoxdur.
Bir neçə gün sonra baş nazirin xanımı paylaşımını silib və ya ora girişi məhdudlaşdırıb.
“Sputnik Ermənistan” bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi bununla əlaqədar onun sorğusuna cavab verməkdən yayınıb.
“İstənilən sorğu yalnız qaldırılan mövzunu təsdiq edən mənbə və sitatlar olduqda cavablandırılacaq”, - nazirliyin cavabında deyilir.