BAKI, 18 fevral. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryan uduzmaqdan qorxduğu üçün Baş nazir Nikol Paşinyanla debatdan qaçır.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin koordinatoru Daniel İoannisyan deyib.

“Dünən Robert Köçəryan brifinqdə debatdan imtina etməyə haqq qazandırmaq üçün müxtəlif səbəblər uydurdu. Debat ictimaiyyəti və seçiciləri öz tərəfinizə çəkmək və doğruluğunuzu sübut etmək üçün ən yaxşı üsullardan biridir.

Depat üç halda mümkün deyil:

Digər şəxsin statusu uyğun olmadıqda;

Fiziki problemlər olanda;

Uduzacağınızı bildiyiniz zaman.

İlk iki səbəbin olmadığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Köçəryan neytral müşahidəçilərin, ictimaiyyətin (seçicilərin) gözündə debatı uduzmaqdan qorxur”, - İoannisyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Paşinyanın Qarabağla bağlı açıqlamaları Köçəryan və digər sabiq prezidentlər Serj Sərkisyan və Levon Ter-Petrosyanın narazılığına səbəb olub. Ermənistan baş nazirinin sözlərinə görə, keçmiş prezidentlər 30 illik danışıqlar dönəmində Qarabağı Azərbaycan ərazi kimi tanıyıblar, müzakirələr də bu çərçivədə gedib. Onların etirazlarından sonra Paşinyan Petrosyan, Sərkisyan və Köçəryanı debata çağırsa da, hər üçün bundan imtina edib.