BAKI, 31 oktyabr. TELEQRAF

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldu beşinci il ardıcıl olaraq “Qızıl top” mükafatının “Ən yaxşı gənc futbolçu” nominasiyası üzrə səsverməsində iştirak etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Bildirilib ki, 40 yaşlı hücumçu mükafatın təsisçisi olan “France Football” jurnalı ilə yaşadığı münaqişəyə görə belə qərar verib. Səsvermədə iştirak etməyənlər arasında Fransa futbolunun əfsanələri Zinəddin Zidan və Mişel Platini də var.

Qeyd edək ki, bu il “Ən yaxşı gənc futbolçu” mükafatına İspaniyanın “Barselona” klubunun hücumçusu Lamin Yamal layiq görülüb.

Xatırladaq ki, 2021-ci ildə “France Football” jurnalının o zamankı baş redaktoru Paskal Ferre Ronaldunun əsas hədəfinin karyerasını Lionel Messidən daha çox “Qızıl top” qazanaraq başa vurmaq olduğunu söyləmişdi. Portuqaliyalı futbolçu isə bu açıqlamanı təkzib edərək Ferreyi yalan danışmaqda ittiham etmişdi. Bundan sonra Ronaldu “Qızıl top”la bağlı bütün tədbirləri boykot etməyə başlayıb.