BAKI, 1 noyabr. TELEQRAF

Moskvadakı “Tsaritsıno” muzey-qoruğunda terror aktı hazırlığı barədə ABŞ hüquq-mühafizə orqanlarından daxil olan məlumatın yoxlanılması çərçivəsində yeniyetmə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Qurumun məlumatına görə, yeniyetmə “TikTok” sosial şəbəkəsində taktiki geyimdə, üzündə balaklava və avtomata bənzər əşya ilə çəkilmiş fotolarını paylaşıb. O, həmçinin “Tsaritsıno” ərazisindən fotolar yerləşdirərək onları “Mən yeri tapdım” (“I found a place”) sözləri ilə müşayiət edib.

Saxlanılan şəxsin yaşadığı ünvanda fotolarda görünən geyim və aksesuarlar aşkarlanıb. FTX iddia edir ki, yeniyetmənin elektron cihazlarında neonasist “Telegram” kanalına abunəlik, eləcə də terror aktları, kütləvi qətllər və digər zorakılıq əməlləri ilə bağlı çoxsaylı axtarış sorğuları müəyyən edilib.

Yoxlama prosesinə Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi də cəlb olunub. Moskva üzrə İstintaq İdarəsi prosessual qərar qəbul edir.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar “Tsaritsıno” ərazisində planlaşdırılan mədəni-kütləvi tədbirlər ləğv edilib, mühafizə gücləndirilib.

FTX ABŞ tərəfinə təqdim etdiyi məlumata görə təşəkkür edib.