BAKI, 26 avqust. TELEQRAF

Belarusun Ukrayna ilə sərhəddə yerləşən Qomel vilayətində yeni hərbi poliqon tikilir. Poliqonda ağır texnikanın birbaşa dəmir yolu vaqonlarından kütləvi və sürətli şəkildə boşaldılmasına imkan verəcək dəmir yolu infrastrukturu da yaradılır.

Teleqraf xəbər verir ki, bu barədə “Azadlıq” radiosu”nun Belarus xidməti məlumat yayıb.

Qeyd edilib ki, rəsmi olaraq “Qomel vilayətində poliqonun tikintisi” adlandırılan obyekt üçün ayrıca dəmir yolu infrastrukturu layihələndirilir. Layihəyə 60-a qədər vaqonu qəbul edə biləcəyi ayrıca dəmir yolu xətti və təkərli, eləcə də tırtıllı hərbi texnikanın boşaldılması üçün panduslu yük platforması daxildir.

Yeni poliqonun dəqiq yerləşmə yeri hələ məlum deyil.

“Azadlıq” qeyd edib ki, 2023-cü ilin sonlarından etibarən Qomel yaxınlığında yeni hərbi bazanın genişmiqyaslı tikintisi aparılır. Güman edilir ki, burada Belarus Xüsusi Əməliyyat Qüvvələrinin yeni 37-ci Desant-Hücum Briqadası yerləşdiriləcək.

Minsk bu briqadanı 2025-ci ildə “cənub sektorunun gücləndirilməsi” məqsədilə yaradıb. Rəsmi izahda bunun Ukraynadan qaynaqlanan təhdidlərə qarşı müdafiə məqsədi daşıdığı bildirilib. Yeni obyektin şərq hissəsi Belarusun dövlət kadastr xəritələrində “hərbi şəhərcik”, qərb hissəsi isə “təlim-taktiki sahə” kimi göstərilir.

2026-cı ilin iyununda KİV-lər yeni hərbi şəhərciyin bəzi obyektlərinin tikintisinin başa çatdığını bildirmişdi. Hazırda isə dəmir yolu xətlərinin tikintisi davam edir.

Vurğulanıb ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Belarusda demək olar, davamlı hərbi təlimlər keçirilir. Ölkə lideri Aleksandr Lukaşenko bu təlimləri Polşa, Litva və ya Ukraynadan ölkə ərazisinə mümkün müdaxilə təhlükəsi ilə əsaslandırır.