BAKI, 26 avqust. TELEQRAF

Ukraynalılar dünya liderləri arasında ən müsbət münasibəti Fransa Prezidenti Emmanuel Makrona, Almaniya Kansleri Fridrix Mertsə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bəsləyirlər.

Teleqraf xəbər verir ki, bu, “Rating Group” tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.

Sorğuya əsasən, respondentlərin 79 faizi Makrona, 64 faizi Mertsə və 61 faizi Ərdoğana müsbət münasibət bəsləyir.

Sosioloqlar qeyd ediblər ki, Makron və Ərdoğana müsbət münasibətin səviyyəsi 2024-cü illə müqayisədə artıb.

Ukraynalılar Mertsi əvvəlki Almaniya kanslerləri ilə müqayisədə daha müsbət qiymətləndirirlər. Məsələn, 2025-ci ilin fevralında respondentlərin 57 faizi Olaf Şoltsa müsbət münasibət bəsləyirdi.

Sorğunun digər nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampa respondentlərin yalnız 16 faizi müsbət münasibət bəsləyir, 77 faizi isə ona mənfi münasibət göstərir.

Ukraynalıların ən mənfi münasibət bəslədiyi dünya lideri isə gözlənildiyi kimi Rusiya Prezidenti Vladimir Putindir. Respondentlərin 97 faizi Putinə nifrət edir.

Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı da münasibət olduqca mənfidir: respondentlərin 90 faizi ona mənfi, yalnız 7 faizi müsbət münasibət bəsləyir.

Sorğu həmçinin göstərib ki, ukraynalılar Macarıstan Baş naziri Peter Madyarı onun sələfi Viktor Orbana nisbətən daha müsbət qiymətləndirirlər. Madyarla bağlı mənfi münasibət 34 faiz, Orbanla bağlı isə 74 təşkil edib.