BAKI, 18 avqust. TELEQRAF
NATO Rusiyanın Baltikyanı ölkələrə - Estoniya, Litva və Latviyaya mümkün hücumuna hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” yazıb.
Almaniya nəşrinin əldə etdiyi məlumata görə, NATO Rusiya ordusunun bu üç keçmiş sovet ölkəsinə hücumu halında həyata keçiriləcək üç ssenari hazırlayıb. Əsas məqsədlər Rusiya qoşunlarının irəliləyişini dayandırmaq və onların imkanlarını mümkün qədər zəiflətməkdir.
Birinci mərhələ raket və dron hücumlarının qarşısının alınmasıdır. Bunun üçün NATO Rusiyanın raket komplekslərini məhv etmək məqsədilə döyüş təyyarələrindən, raketlərdən və dronlardan istifadə etməyi planlaşdırır. Əsas hədəflərdən biri çoxsaylı hava hücumundan müdafiə sistemləri və raket komplekslərinin yerləşdiyi Kalininqrad vilayəti ola bilər.
Həmçinin Rusiya və Belarusla sərhədlərdə “muxtar zona” yaradılması nəzərdə tutulur. Bu zonada NATO hərbçiləri olmayacaq, irəliləyən Rusiya qoşunlarına qarşı dronlar və yerüstü robotlaşdırılmış sistemlər fəaliyyət göstərəcək.
Növbəti mərhələdə NATO artıq Rusiya ərazisinə zərbələr endirə bilər. Xüsusi təyinatlı qüvvələr hərbi və logistika obyektlərini - hava limanlarını, müdafiə müəssisələrini, qoşun və texnikanın daşınması üçün istifadə olunan körpüləri və dəmir yollarını məhv etməlidirlər. Alyans həmçinin Rusiya lideri Vladimir Putinə qarşı çıxan rusiyalıların yardımına ümid edir.
NATO dron və robotların Rusiya ərazisinə çatdırılması üçün “hava körpüsü” də yaratmağı planlaşdırır. Bu fonda hava limanlarına və hərbi bazalara zərbələr endirilməlidir. Bununla yanaşı, NATO Rusiya ərazisini işğal etmək niyyətində deyil. Məqsəd Rusiya qoşunlarını geri çəkilməyə məcbur edərək sərhədə qədər geri oturtmaqdır.
Nəşr qeyd edib ki, NATO bu planları gizli saxlamağı düşünmür. Hərbi analitiklərin fikrincə, çəkindirmə yalnız o halda effektiv işləyir ki, düşmən alyans ölkəsinə hücum edəcəyi təqdirdə onun nə ilə qarşılaşacağını əvvəlcədən bilsin.